Sarkisian da dindiriləcək

Serzh Sarkisian (solda) və Robert Kocharian, 2008-ci il

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian 2008-ci il etirazları ilə əlaqədar açılmış cinayət işi üzrə dindiriləcək. Həmin etirazlarda 10 nəfər həlak olmuşdu.

Məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb.

İyulun sonunda ölkənin ikinci prezidenti Robert Kocharian barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, konstitusion quruluşu devirmək cəhdində ittiham olunub. Kocharian sonradan azadlığa buraxılıb, keçmiş dövlət başçısının toxunulmazlıq hüququ əsas gətirilib.

Kocharian özünə qarşı ittihamları siyasi motivli sayır.

Keçmiş prezidentə cinayət işi 2008-ci ildə prezident seçkisindən sonrakı etirazların zorla dağıdılmasına görə açılıb. O zaman seçkini uduzmuş Levon Ter-Petrossian-ın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Kocharian fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

Etirazların təşkilatçılarından biri indiki baş nazir Nikol Pashinian idi. O, 2010-cu ildə qarışıqlıqların təşkili ittihamıyla 7 illik həbsə məhkum edildi, bir il sonra amnistiya ilə azadlığa çıxdı.