Temperatur 3-5 dərəcə aşağı enəcək

Yağış

Avqustun 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-24, gündüz 27-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti təxmin edilir.

Avqustun 18-də Azərbaycanın əksər rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağının gözləndiyi bildirilir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edir ki, Bakıda, Abşeron yarımadasında avqustun 18-i və 19-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Avqustun 18-i gündüzdən avqustun 20-dək Azərbaycanın rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturunun 3-5 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.