Gəncə olayları - yeni həbslər var

Sizin brauzer HTML5-i dəstəkləmir

Polis zabitlər necə öldürüldü? Gəncədə nə baş verir?

Gəncə olayları ilə bağlı aparılan araşdırmalar çərçivəsində silah-sursat tapıldığı, iki nəfərin həbs edildiyi bildirilir.

Bu gün, avqustun 17-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri bununla bağlı məlumat yayıb.

Məlumatda iddia olunur ki, araşdırmalar zamanı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdə görə həbsdə olan Yunis Səfərovun şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq qərarına gəlməsi müəyyən edilib. Rəsmi məlumatda Y.Səfərovun yaxın münasibətdə olduğu bildirilən şəxslərdən Eldar Orucov, Azər Əliyev, Mahir Əzizovun adı çəkilir.

«Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçmiş və həmin ilin yaz aylarında Gəncəyə gələrək şəhər sakini, hazırda həbsdə olan Hamlet Abdullayevdən 1 ədəd «Kalaşnikov» markalı avtomat silah və 1 ədəd «Makarov» markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər», - məlumatda bildirilir.

H.Abdullayevin həmin silahları və «Marqulin» markalı daha 1 ədəd tapançanı iyulun 21-də öldürülən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata aldığı bildirilir: «...Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev «Makarov» tapançasını pul müqabilində Pərviz Bayramova və «Kalaşnikov» avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib. «Marqulin» markalı tapança isə Anar Bağırovda qalıb».

Sizin brauzer HTML5-i dəstəkləmir

Yunis Səfərovun bacısı qardaşının Elmar Vəliyevə hücumunu izah edir

Birgə məlumata görə, həmin silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.

«Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından «Kalaşnikov» avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən «Marqulin2 markalı tapança, ona aid 47 ədəd patron aşkar edilərək götürülüb», - məlumatda yazılır.

Verilən məlumata görə, habelə, 132 ədəd avtomat patronu, «Teksun» yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat, tapança patronu, 8 ədəd sandıqça, habelə mənzildən radikal dini məzmunlu materiallar olan 36 ədəd kompakt disk də aşkar edilib.

A.Qurbanov və P.Bayramovun təqsirləndirilən şəxs qismində cəlb olunduğu, barələrində həbs-qətimkan tədbiri seçildiyi bildirilir.

Açıqlamaya həbs edilən şəxslərin, onların vəkillərinin və başqa əlaqəli şəxslərin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş prokurorluq bu hadisə ilə bağlı indiyədək 60-dan çox şəxsin həbs edildiyini açıqlayıb. Habelə, silahlı müqavimət göstərdiyi bildirilən 5 nəfərin də zərərsizləşdirilərək öldürüldüyü bildirilib.

13 nəfər barəsində isə həbs-qətimkan tədbirinin seçildiyi, barələrində axtarış elan olunduğu deyilirdi. Sonradan onlardan birinin tutulduğu açıqlanmışdı.

Ancaq baş verənləri ictimaiyyət heç də birmənalı qarşılamayıb. Bəzi ekspertlər hesab edirlər ki, axtarışda olan şəxslərdən bir neçəsinin öldürülməsi bir sıra suallar doğurur. Onlar hesab edirlər ki, axtarılan şəxslərin sağ ələ keçirilməsi baş verənlərin aydınlaşmasına xidmət edə bilərdi.