Britaniya İlqar Məmmədovun azadlığına şərt qoyulmasından narahatdır

İlqar Məmmədov

Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanda müxalifət lideri İlqar Məmmədovun həbsxanadan azad edilməsini alqışlayıb və Azərbaycanı insan haqları üzrə işlərdə tərəqqiyə çağırıb.

Nazirliyin 17 avqust tarixli bəyantında deyilir:

“Avqustun 13-də İlqar Məmmədovun azad edilməsi irəliyə doğru müsbət addımdır. Lakin biz Məmmədovun azad edilməsinə Azərbaycan hakimiyyəti tərəfindən bəzi şərtlərin qoyulmasından narahatıq. Birləşmiş Krallıq, Azərbaycanı Avropa Şurasının dəfələrlə tələb etdiyi kimi, cənab Məmmədovun qeyd-şərtsiz azad olunmasına dair Avropa İnsan Haqları Məhkəməsinin hökmünə riayət etməyə çağırırıq”.

Bəyanatda deyilir ki, Britaniya Azərbaycanın firavan, tolerant və demokratik cəmiyyətə çevrilməsini istəyir:

“Bu isə insan haqları baxımından narahatlıq doğuran başqa işlərdə pozitiv addımlar atılmasını tələb edir. Biz beynəlxalq öhdəliklərinə əməl etməsində Azərbaycana bundan sonra da dəstəyimizi davam etdirəcəyik”.