Nəsimi Rayon Məhkməsinin keçmiş deputat Hüseyn Abdullayevin anası 76 yaşlı Zeynəb Abdullayeva barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətini uzatdığı bildirilir.
Bu barədə “ Turan” agentliyinə Abdullayevlər ailəsinə yaxın mənbələrdən bildiriblər.
Onların deməsinə görə, avqusutun 17-də hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkmə prosesində bu müddətin daha iki ay uzadılmasına qərar verilib.
“ Turan” agentliyinin xəbərinə görə, Nəsimi Rayon Məhkəməsindən də belə bir qərarın veridlyini təsdiq ediblər. Ancaq məhkəmədən əlavə məlumat almaq cəhdləri nəticə verməyib.
Qeyri rəsmi məlumatlara görə, Nəsimi Rayon Polis İdarəsində Z.Abdullayevaya Cinayət Məcəlləsinin 326.1 və 318.2 maddələri ilə cinayət işi başlanıb.
Həmin maddələrdə söhbət rəsmi sənədləri, ştampları, möhürləri tamah məqsədi ilə oğurlama, məhv etmə, zədələmə, gizlətmə və qabaqcadan əlbir olan bir qrup şəxsin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan, ya da dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmədən gedir.
Bu məlumatı da, hələlik, Nəsimi Rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.
Z.Abdullayeva bu il aprelin 21-də Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən keçmiş deputat H.Abdullayevin anasıdır.
Xatırlatma
Aprelin 23-də Hüseyn Abdullayevin İnterpol xətti ilə Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verildiyi açıqlanmışdı.
Azərbaycana gətirilən Abdullayevin Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verildiyi bildirilirdi.
Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci ( vergidən yayınma) maddələri ilə ittiham verildiyi deyilirdi.
Sonradan ona əlavə ittihamlar verildiyi açıqlandı.
Abdullayevə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələbetmə) maddələri ilə də ittiham elan edildiyi bildirildi.
2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o həbs olunmuşdu.
Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alın keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.
2013-cü ildə Hüseyn Abdullayevin “Susma” adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin artdığı bildirilirdi.