Kocharian-ın evində axtarış aparılıb

Robert Kocharian, 2008-ci il

Ermənistanın ikinci prezidenti Robert Kocharian-ın evində 2008-ci il 1 mart hadisələri üzrə açılmış cinayət işi çərçivəsində axtarış aparılıb. Bu haqda Azadlıq Radiosunun erməni xidmətinə Xüsusi İstintaq Xidmətinin (XİX) mətbuat katibi Marina Ohanjanian məlumat verib.

Əlavə detallar açıqlanmayıb.

Keçmiş prezidentə cinayət işi 2008-ci ildə prezident seçkisindən sonrakı etirazların zorla dağıdılmasına görə açılıb. O zaman seçkini uduzmuş Levon Ter-Petrossian-ın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Kocharian fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

Robert Kocharian barəsində əvvəlcə həbs qətimkan tədbiri seçilsə də, sonradan məhkəmənin qərarıyla azadlığa buraxılıb. Vəkillərinin deməsinə görə, məhkəmə qərarını prezidentin toxunulmazlıq hüququ ilə əsaslandırıb.

Kocharian özünə qarşı ittihamları siyasi motivli sayır.

XİX rəhbəri Sasun Khachatrian apelyasiya məhkəməsinin keçmiş prezidentin buraxılmasına dair qərarını “qanunsuz” adlandırmışdı.

Khachatrian ümidini bildirib ki, baş prokurorluq şikayət verəcək və Kocharian yenidən həbs olunacaq, beləliklə də istintaqın gedişini əngəlləyə bilməyəcək.

Baş prokurorluqdan verilən məlumata görə, avqustun 20-də günün sonunadək baş prokurorluq Kassasiya məhkəməsinə şikayətini təqdim edəcək.