Həbsdəki NİDA-çının valideynlərindən müraciət

İ.Rüstəmzadə

«İlkinin özü də, biz də onun müdafiəsinin yetərincə olmadığı qənaətindəyik».

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin valideynləri Bəkir Xəlilov Atlas Hüseynovanın yerli və beynəlxalq ictimaiyyətə müraciətində belə yazılır.

Onlar övladlarının müdafiəsinə gərəkli diqqət göstərilmədiyini xüsusi vurğulayırlar.

Valideynlər müraciətlərində ictimaiyyəti İ.Rüstəmzadənin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin genişləndirilməsinə çağırırlar. Onlar beynəlxalq insan haqları təşkilatlarına, Azərbaycanda olan qeyri-hökumət təşkilatlarına, siyasi partiya liderlərinə, hüquq müdafiəçilərinə xitab edərək İ.Rüstəmzadəni daha aktiv müdafiəyə dəvət edirlər.

«Bir valideyn kimi sizdən xahiş edirik ki, beynəlxalq təşkilatlar qarşısında İlkinin azad olunmasını prioritet məsələ kimi qaldırın», - müraciətdə vurğulanır.

Xatırlatma

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 6 il əvvəl həbs edilən 8 üzvündən biridir. Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla uzun müddətə həbs olunublar.

Müstəqil ekspertlərə görə isə, onların həbsinə səbəb 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələridir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.