Britaniya Rusiyaya sanksiyaları artırmağa çağırır

Jeremy Hunt Riqada mətbuat konfransında, arxiv fotosu

Britaniyanın yeni xarici işlər naziri ilk böyük çıxışında Avropa İttifaqını Rusiyaya sanksiyaları gücləndirməyə çağıracaq, blokun Birləşmiş Ştatlarla “çiyin çiyinə” dayanmalı olduğunu vurğulayacaq. Vaşinqton bu ay Moskvaya yeni iqtisadi sanksiyalar tətbiq edib.

Britaniyanın xarici işlər naziri Jeremy Hunt avqustun 21-də Vaşinqtondakı ABŞ Sülh İnstitutunda çıxış etməlidir. O, bu il İngiltərədə rusiyalı keçmiş casusun zəhərlənməsində Rusiyanın iddia olunan rolunu yada salaraq Aİ-ni Moskvaya daha artıq təzyiq göstərməyə çalışacaq. Çıxışdan bəzi hissələri Britaniyanın Xarici İşlər Nazirliyi yayıb.

“DƏYƏRLƏRİMİZİ PAYLAŞMAYANLAR...”

Əlbəttə, Moskvayla işləməliyik, ancaq eyni zamanda kəskin olmalıyıq: Prezident Vladimir Putinin idarəçiliyi altında Rusiyanın xarici siyasəti dünyanı daha təhlükəli yerə çevirib”, – nazir çıxışında deyir.

Birləşmiş Krallıq müttəfiqlərini irəli gedərək Avropa İttifaqını Rusiyaya sanksiyaların hərtərəfli olmasını təmin etməyə, Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanmağa çağırır”, – çıxışda vurğulanır.

Dəyərlərimizi paylaşmayanlar bilməlidirlər ki, qırmızı xətlər keçilincə buna görə həmişə ağır bədəl ödənəcək – ərazi müdaxiləsi, qadağan olunmuş silahlardan istifadə, yaxud kiberhücumlar artarsa, bu baş verəcək”, – nazir nitqində deyir.

Sergei Skripal (solda) və qızı Yulia

Britaniya, Aİ və Birləşmiş Ştatlar keçmiş casus Sergei Skripal və qızı Yulia-ya martda Solseberi şəhərində sinir qazıyla hücuma görə Rusiyanı ittiham edir.

Sonradan daha iki britaniyalı bu maddəylə zəhərləndi və biri dünyasını dəyişdi. Britaniya polisi bu insidentin də birinci ilə əlaqəli olduğunu düşünür.

ÇİNİ DƏ TƏNQİD EDƏCƏK

Rusiya hücumlarda əli olmadığını bildirir. Amma Birləşmiş Ştatlar avqustun 22-dən başlayaraq Solsberi insidentinə görə Rusiyaya yeni sanksiyalar tətbiq edəcək, Rusiyanın ABŞ-dan həssas texnologiya məhsulları alması yasaqlanacaq.

Gözlənən sanksiyalar Rusiya bazarlarında düşüş yaradıb.

Britaniya gələn il Aİ-dən çıxmağa hazırlaşır. Aİ bu yaxınlarda Rusiyaya sanksiyaları yeniləməyə razılaşıb. İlk sanksiyalar 2014-cü ildə, Moskva Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra qoyulmuşdu.

Aİ hələlik, İngiltərədəki kimyəvi qaz hücumuna görə Rusiyaya iqtisadi sanksiyalar qoymayıb, ancaq Skripalların zəhərlənməsinə görə Moskvanı kəskin tənqid edib, insidentə görə rusiyalı diplomatları qovub.

Hunt çıxışında Çini də Rusiyaya qarşı tədbir görmədiyinə görə tənqid edəcək. O, Pekinə xəbərdarlıq edir ki, “siyasi məsuliyyət iqtisadi güclə yanaşı durur”.

Boris Johnson iyulda xarici işlər naziri postundan gedəndən sonra Hunt bu vəzifəyə təyin olunub. O, avqustun 21-də ABŞ-ın dövlət katibi Mike Pompeo və digər rəsmilərlə də görüşəcək, avqustun 23-də isə BMT-nin Təhlükəsizlik Şurasında çıxış edəcək.