AXCP-nin Binəqədi rayon şöbəsinin üç üzvü cəzalandırılıb - ikisi həbs olunub, biri isə cərimələnib. Avqustun 21-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov bu barədə qərar çıxarıb. Qərara əsasən, cəbhəçi fəallardan Ramin Əhmədova 15, Bəşir Tanrıverdiyevə isə 10 sutka inzibati həbs cəzası verilib. Nicat Abdullazadəyə 200 manat cərimə kəsilib.
Cəbhəçilər avqustun 20-də saxlanılıb. Onlar həbsdə olan partiyadaşları Babək Həsənov, Ruslan Nəsirli və Aqil Məhərrəmliyə ailələri ilə görüş verilməməsinə, telefonla danışmaq hüququnun məhdudlaşdırılmasına etiraz olaraq metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında aksiya keçiriblər. Aksiya iştirakçılarından dörd nəfər saxlanılaraq, Yasamal rayonu, 28-ci polis bölməsinə aparılıb. Bölmədə təxminən 3 saat saxlandıqdan sonra onlardan biri - Ruslan Qurbanlı buraxılıb. Digər üç nəfərin haqqında isə inzibati xətaya dair protokol tərtib olunub. Onlar İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddəsiylə ittiham olunublar.
200 manat cərimələnən N.Abdullazadə qərarın qanunsuz olduğunu və apellyasiya şikayəti verəcəyini bildirib. O, AzadlıqRadiosuna deyib ki, polisin tələbinə tabe olmadıqları haqda qərarda yazılanlar yalandır: «Bu iş quramadır. Videoçəkilişlər də var ki, biz sakitcə dayanmışıq, əlimizdə plakatlar. Polislər yaxınlaşıb, biz də heç bir müqavimət göstərmədən dediklərinə əməl edib, onlarla bölməyə getmişik».
N.Abdullazadə əlavə edib ki, apellyasiya məhkəməsi də ədalətli qərar verməsə, Avropa Məhkəməsinə müraciət edəcək.
Xatırlatma
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, Qarabağ müharibəsi veteranı Babək Həsənov mayın 25-də həbs olunub.
Onlarin saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdığı iddia olunur.
Cəbhəçilər, eləcə də S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Onlar özlərini təqsirli bilmirlər.
AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib. Cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib.
Həbsdə olan AXCP üzvlərindən A.Məhərrəmli, R.Nəsirli və B.Həsənova ailə üzvləri ilə görüş və telefon danışığına icazə verilməməsi şikayəti ilə məhkəməyə də müraciət edilib.