Məhərrəm ayının təqvimi açıqlanıb

Bakıda Aşura mərasimi belə qeyd edilir- [fotolar] 2016

«Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq».

«Report» xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, hicri 1440-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə təsadüf edir.

M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il Aşura günü qanvermə aksiyası keçirilir: «Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Bunlar olacaqsa, onlar dini ayinlərin icrasında yol verilən nöqsan olacaq».

Aşura «onuncu gün» deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir. Hicrətin 61-ci ili, həmin gün Kərbəla çölündə İmam Hüseyn və 72 tərəfdarının öldürüldüyü bildirilir.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətliam baş verib).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.