Avqustun 21-də çexlər və slovaklar sovet tanklarının “Praqa baharı” islahatçı hərəkatını əzməsinin 50 illiyini anır.
1968-ci ilin əvvəlindən Çexoslovakiya Kommunist Partiyasının lideri Alexander Dubcek totalitar rejimdə islahat aparmaqla “sosializmə bəşəri sifət” verməyə çalışırdı. Amma elə həmin il avqustun 20-dən 21-nə keçən gecə sovet əsgərləri, Bolqarıstan, Şərqi Almaniya, Macarıstan və Polşadan hərbi yardımla işğala başladı. Proses 1991-ci ildə Sovet İttifaqının çöküşünə qədər davam edib. İşğal zamanı 137 nəfərin öldürüldüyü bildirilir.
Avqustun 21-də Çexiya Respublikası və Slovakiya ərazisində bir sıra anım mərasimləri, konsertlər, digər toplantılar planlaşdırılıb.
BAŞ NAZİRƏ ETİRAZ
Avqustun 20-də axşam yüzlərlə nümayişçi Praqadakı Rusiya səfirliyi qarşısına yığışıb, Rusiyanın Avropada hələ də davam etməkdə olan təcavüzkar roluna etirazını bildirib. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib.
Bu gün Praqanın mərkəzində işğal qurbanlarının xatirəsinə anım tədbiri keçirilib. Burada əsasən gənclər olmaqla, 17 silahsız adam öldürülmüşdü. Onlar sovet əsgərlərinin radiostansiyanın binasını tutmasını əngəlləməyə çalışıblar.
Çexiyanın baş naziri Andrej Babis tədbirdə çıxış edib. Ancaq tədbir baş nazirə qarşı yürüşə çevrilib, yüzlərlə adam onu fitə basıb. Babis populist milyarderdir, hökumətdə Kommunist partiyası da yer alıb.
Etirazçılar baş naziri ona qarşı irəli sürülmüş dələduzluq ittihamlarına görə də tənqid ediblər. Onun keçmiş kommunist gizli polisilə əməkdaşlığına dair iddialar var.
Avqustun 21-də gecə Vençeslas meydanında pulsuz konsert planlaşdırılır. Çexiyanın pop ulduzu Marta Kubisova da konsertə qatılacaq.
Kubisova 1968-ci ildə Praqa baharında açıq iştirak edib, o dövrün ən populyar mahnısı olan “Marta üçün Dua”nı ifa edib.
Ölkə yenidən Moskvaya loyal kommunist liderlərin idarəçiliyinə keçincə bu mahnı da yasaqlanıb.
Kubisova dissident hərəkatına qoşulub, dramaturq, insan haqları qrupunun rəhbəri Vaclav Havelə qoşulub. Havel 1989-cu il Məxməri İnqilabdan sonra ölkənin ilk postkommunist prezidenti oldu.