Rohani: ABŞ-ın ‘antiiran’ siyasəti məğlub olacaq

Hassan Rohani parlamentdə

İran Birləşmiş Ştatların yeni qoyduğu sanksiyaları üstələyəcək və “Ağ evdəki antiiran rəsmiləri”nə göstərəcək ki, bu addımlar məqsədinə çatmayacaq. Bunu İran prezidenti Hassan Rohani bu gün parlamentdə deyib.

Rohani deputatların ölkədəki iqtisadi böhran, bahalanma və işsizliklə bağlı suallarını cavablandırıb. Ancaq cavabları deputatları qane etməyib və işi ədliyyə sisteminə yönəldiblər.

“İqtisadi problemlər vacibdir, amma daha vacibi odur ki, bir çoxları İslam Respublikasının gələcəyinə inamı itiriblər və onun gücünə şübhə edirlər”, – Rohani dövlət televiziyasında yayımlanan çıxışında deyib.

“AMERİKADAN QORXMURUQ”

“Amerikadan, yaxud iqtisadi problemlərdən qorxmuruq. Çətinliklərin öhdəsindən gələcəyik”, – o vurğulayıb.

“İran xalqını əmin etmək istəyirəm ki, ABŞ-ın İslam Respublikasına qarşı planının gerçəkləşməsinə imkan verməyəcəyik”, – Rohani bildirib.

İran parlamentinin üzvü

Deputatlar ondan hökumətin işsizliyin kökünü kəsə bilməməsi, ləng iqtisadi artım, rialın çöküşü, sərhəd qaçaqmalçılığını bitirməyi bacarmaması barədə soruşublar.

Rohani parlament üzvlərinə deyib ki, qaçaqmalçılıqla mübarizədən ötrü İslam İnqilab Qvardiyası Keşikçiləri köməyə çağırılıb.

Deputatlar maliyyə islahatlarının aparılmamasını da sorğulayıblar. Soruşublar ki, 2015-ci il nüvə sazişinin imzalanmasından 3 il keçir, niyə İran banklarının qlobal maliyyə xidmətlərinə çıxışı hələ də məhdud olaraq qalır.

Rohaninin yalnız bankçılıqla bağlı dedikləri deputatları qane edib, qalan məsələləri mühafizəkar ədliyyə sisteminə yönəldiblər.

***

Avqustun 28-də İran prezidenti Hassan Rohani ölkədəki iqtisadi böhranla əlaqədar parlamentdə dindiriləcək. Mötədil siyasətçi sayılan Rohani 2013-cü ildə prezident postuna gələndən ilk dəfədir parlamentə çağrılıb. Bu, Rohani-nin iqtisadi islahatlarına qarşı çıxan sərt xətt tərəfdarları üçün qələbə sayılır.

Bir müddətdir deputatlar onun rialın ucuzlaşmasını önləməkdən ötrü hansı planları olduğunu sorğulayırlar. Rial apreldən sürətlə ucuzlaşır, eyni zamanda işsizlik artır.

Bir neçə gün öncə Masoud Karbasian iqtisadiyyat naziri vəzifəsindən kənarlaşdırılıb. Bu, son həftələr Rohaninin iqtisadi komandasının işdən çıxarılan artıq dördüncü üzvüdür.

NÜVƏ SAZİŞİNİN BƏDƏLİ?

Bu ayın əvvəlində əmək naziri postundan çıxarılıb, iyulda isə mərkəzi bank rəhbəri kənarlaşdırılıb.

Deputatlar ölkədəki iqtisadi vəziyyətə görə Rohani və komandasını günahlandırırlar. Onlar bu durumun ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra yarandığını deyirlər.

Sanksiyalardan bəziləri bu ayın əvvəli qoyulub, bəzilərinin noyabrda bərpa olunacağı gözlənir.

Rohaninin tənqidçilərindən çoxu nüvə sazişinə və Qərblə yaxınlaşmaya qarşı çıxırdılar və indi onlar Rohanini istefa verməyə çağırırlar.

İranda deputatların Rohanini impiçment etməyə səlahiyyəti çatır, amma ali dini lider ayətulla Ali Khamenei deyib ki, ona 2021-ci ilədək prezidentlik müddətini tam yerinə yetirməyə icazə verilməlidir.

Mötədil mühafizəkarlar, parlamentin nüfuzlu spikeri Ali Larijani daxil olmaqla, hələ də Rohanini dəstəkləyir.