Rusiya ‘son 40 ilin ən böyük təlimləri’ni keçirəcək

Zapad 2017 təlimləri

Rusiyanın müdafiə naziri Sergei Shoigu deyir ki, ölkəsi bu ay 1981-ci ildən bəri ən böyük hərbi təlimləri keçirəcək. Məlumatı Rusiya xəbər agentlikləri yayıb.

Shoigu avqustun 28-də deyib ki, Vostok-2018 adlı təlimlər Rusiyanın mərkəzi və şərqi hərbi bölgələrində keçiriləcək, təlimlərə 300 minədək hərbçi, 1000-dən çox təyyarə, Sakit Okean və Şimal Donanmaları qatılacaq.

“Bu, 1981-ci ildən bəri Rusiyada keçirilən ən böyük təlim olacaq”, – Interfax agentliyinin bildirməsinə görə, Shoigu reportyorlara deyib.

Bu arada Moskvayla Qərbin münasibətləri pisləşib. Rusiyanın Ukraynanın Krım vilayətini tutması, Suriya və Ukraynanın şərqindəki münaqişələrdə iştirakı, ABŞ və Avropada seçkiyə müdaxilə iddiaları üzündən Moskva Qərbin sanksiyaları ilə üzləşib.

2017-ci ilin sentyabrında Belarusda və Rusiyanın qərb hissələrində Zapad 2017 adlı hərbi oyunlar keçirilib.

Moskva və Minsk birgə manevrlərə 12 min 700 hərbçinin qatıldığını desə də, Qərb rəsmiləri real rəqəmin 100 minə yaxın olduğunu bildirib.