İraq İrana sanksiyalardan möhlət istəyir

Haider al-Abadi

İraqın baş naziri Haider al-Abadi deyir ki, Vaşinqtona nümayəndə heyəti göndərəcək və Birləşmiş Ştatların İrana sanksiyalarından möhlət istəyəcək.

“Amerika tərəfdən xahiş etmişik, onlara təqdim etmişik və bunun müzakirəsindən ötrü nümayəndə heyəti gedəcək”, – Abadi avqustun 28-də keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O, İraq iqtisadiyyatının, özəlliklə də enerji sahəsində Fars Körfəzindəki qonşusu ilə sıx bağlı olduğunu dilə gətirib.

“İraqa gərəkənləri aydın təsvir etmişik. Buraya çox vacib olan İran təbii qazı, eləcə də ticarət və elektrik sektoru daxildir”, – deyən Abadi Vaşinqtonun da İraqın xahişinə açıq yanaşdığını vurğulayıb.

ABŞ prezidenti Donald Trump mayda İranla 2015-ci il nüvə sazişindən çıxıb və bu aydan İrana sanksiyaları bərpa edib. Trump administrasiyası xəbərdarlıq edib ki, İranla iş görən ölkələr cərimələnəcəklər.

Abadi ilkin olaraq sanksiyalara əməl edəcəyini deyirdi. Ancaq dünən onları “birtərəfli” və “opressiv” adlandırıb, deyib ki, İraqın “blokadanın bir hissəsinə” çevrilməsini istəmir, çünki bu ölkə özü də Saddam Hussein erasında beynəlxalq sanksiyaların acı təcrübəsini yaşayıb.