Lerik RİH: 40-a qədər evdə çat əmələ gəlib

Zəlzələ

«Son illər Lerikdə belə güclü zəlzələ olmamışdı».

Bunu Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib. Onun sözlərinə görə, dünən, avqustun 28-də baş verən zəlzələdə köhnə tikintilərdə çatlar əmələ gəlib.

Müavin vurğulayıb ki, söhbət 40-a yaxın evdən gedir: «Yerlərdən belə məlumatlar daxil olur, bunun sayının artacağı da istisna deyil».

H.Məlikov bildirib ki, hazırda sənədləşdirmə işləri gedir və zəlzələdən zərər görmüş vətəndaşlara dövlət dəstəyi nəzərdə tutulur.

Xatırlatma

Avqustun 28-i saat 17 radələrində Lerik rayonu ərazisində 5.1 gücündə zəlzələ baş verib. Zəlzələ ətraf rayonlarda 3-4 bal gücündə hiss edilib. Bundan sonra həmin ərazilərdə nisbətən zəif daha bir neçə zəlzələ olub.