Ukraynanın şərqində döyüşlər qızışır

Kiyevdə Rusiya səfirliyi qarşısında aksiya

Yeni dərs ilinin başlanmasına görə sülh çağırışlarına baxmayaraq, Ukraynanın şərqində döyüşlər qızışır. Bunu ATƏT avqustun 29-da bəyan edib.

Qurum bildirir ki, atəşkəs elanından bəri Ukrayna hərbçiləri ilə rusiyapərəst separatçılar arasında “70 dəfədən çox atışma” baş verib. ATƏT münaqişə zonasında silahsız nəzarətçilər yerləşdirib.

“Tərəflər sülh öhdəliklərinə əməl etməlidirlər. Atışma dayanmalı, təmas xəttinin hər iki tərəfində ukraynalılar mühafizə olunmalıdır”, – təşkilat bildirib.

Ukrayna ordusu ötən həftə azı dörd əsgərinin öldürüldüyünü bildirib.

2014-cü ildə Ukraynada rusiyapərəst prezident vəzifədən gedəndən burada münaqişə qızışıb. 10 min 300-dən çox adam öldürülüb.

Sülh danışıqlarında separatçıları dəstəkləyən Rusiya prezidenti Vladimir Putin bu ay münaqişə zonasına BMT sülhməramlı missiyası yerləşdirməyi dəstəkləyib.

Almaniya kansleri Angela Merkel də belə bir missiyanı dəstəkləyir.

Ukrayna da BMT sülhməramlılarına tərəfdardır, amma onun təklifinin miqyası Rusiyakından daha genişdir. Münaqişə üzrə periodik danışıqlar da ziddiyyətləri aradan qaldıra bilməyib.