Azərbaycanın olimpiya mükafatçısı cəzalandırılıb

İnna Osipenko-Radomskaya

Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskayanın 4 il müddətinə cəzalandırıldığı bildirilir.

Bu barədə məlumat Beynəlxalq Kanoe Federasiyasının (ICF) saytında dərc olunub.

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi antidopinq qaydalarını pozmaqda təqsirli bilinir.

Məlumata görə, Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyindən cəzalandırılıb.

Osipenko-Radomskaya Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London olimpiadalarına qatılıb, bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb.

Texniki direktor: «O, iki ildir Azərbaycanı təmsil etmir»

«İnna Osipenko-Radomskaya 2016-cı ilin avqustunda bizim Avarçəkmə Federasiyasından ayrılıb».

Bunu Azərbaycan Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva bildirib.

L.Əliyevanın sözlərinə görə, Ukrayna vətəndaşı olan İ.O.Radomskaya Rio-2016 Yay Olimpiya Oyunları ərəfəsində onlara müraciət edərək, Azərbaycanın adından çıxış etmək istədiyini bildirib: «Sonra övladı olacağı adı ilə Azərbaycandan gedib. Ona öz ölkəsinin adı ilə çıxış edə bilməsi üçün Azərbaycan şərait də yaradıb. Bundan sonra isə həmin şəxslə bizim əlaqələrimiz kəsilib».

Onun 2018-ci ilin mayında yarışdankənar dopinq-testdən keçməkdən imtina etməsi və buna görə cəzalandırılması haqqında məlumata gəlincə, L.Əliyeva bundan xəbərsiz olduğunu bildirib: «Əvvəla, bu yoxlama oyundankənar bir yoxlamadır. Ola bilər ki, bu şəxs idmana əlvida deyib. İkincisi, artıq Azərbaycanı bu məsələyə bağlayan əsas yoxdur. Bəlkə də buna görə bizə maraqsız olub».