10 ildən sonra ilk ABŞ QHT-ni qeydiyyata aldılar

Shavkat Mirziyaev

Özbəkistanın Ədliyyə Nazirliyi Vaşinqtonda mənzillənən Amerika Beynəlxalq Təhsil Şurasının (ACIE) yerli filialını qeydiyyata alıb. Bu, 10 ildən artıq müddət ərzində Özbəkistanda akkreditə olunan ilk ABŞ qeyri-hökumət təşkilatıdır.

Özbəkistan ədliyyə nazirinin müavini Akbar Tashkulov qeydiyyat sertifikatını ABŞ-ın səfiri Pamela Spratlen-ə təqdim edib. Məlumatı UzDaily.com xəbər saytı avqustun 30-da yayıb.

ACIE dünyada ABŞ təhsil proqramlarını və mübadilələrni gerçəkləşdirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert Vaşinqtonda keçirilən brifinqdə deyib ki, bu addım “Birləşmiş Ştatlar və Özbəkistan arasında artan strateji tərəfdaşlığı göstərir”.

Özbəkistanın Vaşinqtondakı səfiri Javlon Vakhabov xəbəri alqışlayıb, tvitində yazıb ki, “Bu, 2006-cı ildən bəri ABŞ-a bağlı ilk QHT-nin qeydiyyata alınmasıdır. Təbriklər”.

Özbəkistan prezidenti Shavkat Mirziyoev 2016-cı ildə Islam Karimov-un ölümündən sonra bu vəzifəyə gələndən ölkədə islahatlar aparır, digər ölkələrlə münasibətləri inkişaf etdirir.

Ötən ilin sentyabrında Human Rights Watch, bu ilin mayında Amnesty International hüquq-müdafiə təşkilatlarının nümayəndə heyətləri Özbəkistana səfər edib.