Özbək qaçqına 11 il həbs cəzası kəsilib

Jamshid Muhtorov və ailəsi

Terrorçu qrupu dəstəkləməkdə təqsirli bilinən Özbəkistandan olan qaçqına avqustun 30-da 11 illik həbs cəzası kəsilib. O, bu cəzanın altı ilini artıq çəkib.

Jüri hələ iyunda 42 yaşlı Jamshid Muhtorovun İslam Cihadı Birliyinə 300 dollar pul və digər yardım göstərməkdə təqsirli bilib. Bu islamçı qrup Özbəkistanda dünyəvi quruluşa qarşı çıxır, orada və Əfqanıstanda hücumlar təşkil edib.

Hakim John Kane hökmdə yazıb ki, Muhtorovun “zorakı təşkilatın qanunsuz səbəbləri”nə dəstəyi “ciddi olub və ritorikası qorxuducudur”. Amma o, özbək qaçqının Birləşmiş Ştatlarda hər hansı zorakılıq törətmədiyini bildirib.

Digər təqsirləndirilən Bakhtiyor Jumaev apreldə oxşar ittihamlarla məhkum edilib.

Muhtorov ailəsi ilə 2007-ci ildə Birləşmiş Ştatlara gedib. O, Özbəkistanda insan haqları fəaliyyətinə görə döyüldüyünü iddia edib.