Çin Əfqanıstanda baza yaratmaq planı olmadığını deyir

Əfqanıstanın milli təhlükəsizlik müşaviri Mohammad Hanif Atmar və Çin ordusunun baş qərargah rəisi Li Zuocheng görüşür, arxiv fotosu

Çin Əfqanıstana hərbçi göndərmək, yaxud orada hərbi baza yaratmaq planları olmadığını, qonşusu ilə sadəcə, “normal hərbi və təhlükəsizlik əməkdaşlığı” apardığını bildirib.

Müdafiə Nazirliyinin sözçüsü polkovnik Wu Qian avqustun 30-da deyib ki, yayılan məlumatlar “sadəcə, doğru deyil”.

Honq Konqun bir qəzeti və eləcə də digər nəşrlər yazıblar ki, Çinin Əfqanıstanın şərqindəki bazaya yüzlərlə hərbçi yerləşdirmək planları var.

Çinin Əfqanıstanla ensiz sərhədi var və bu ölkədən zorakılığın təlatümlü Sincan regionuna keçə biləcəyindən narahatdır.

Son illər Çinin bu uzaq qərb regionunda iğtişaşlarda yüzlərlə adam öldürülüb və Pekin bütün bunlara görə islamçı yaraqlıları qınayıb.

Sərhəddəki Vaxan dəhlizində Çinin zirehli maşınlarının görünməsi barədə xəbərlər yayılıb. Ancaq Wu deyib ki, Pekin Əfqanıstana antiterror işində kömək etmək, ümumi sərhədi qorumaq üçün həmin regiona gedib.