Qubadlının işğalından 25 il ötür

Azərbaycan artilleriyası. 1992

Bu gün, avqustun 31-i Azərbaycanın Qubadlı rayonunu Ermənistan silahlı qüvvələrinin işğal etməsinin 25-cü ili tamam olur.

Rayon 1933-cu ildə təşkil edilib.

Bir şəhər və 93 kənd olmaqla, 94 yaşayış məntəqəsini özündə birləşdirib. İşğal ərəfəsində əhalisi 30 min nəfərə yaxın olub.

7 minə yaxın yaşayış evi, mindən çox kənd təsərrüfatı, 32 rabitə, 86 səhiyyə, 180 mədəniyyət obyekti işğal altında qalıb.

Qarabağ savaşının getdiyi bir vaxt Qubadlı rayonunda 5 il müddətində torpaqların müdafiəsi ilə bağlı 290-a yaxın şəxsin həlak olduğu bildirilir. Onların arasında 7 şəxs Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Qubadlının işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən üç ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında N saylı hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi. Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Üstəlik, o, prezident səlahiyyətlərini icra edirdi. Polkovnik S.Hüseynov isə sonradan H.Əliyevin təklifi ilə baş nazir postuna gətirildi…

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.