XİN sözçüsü: 'Aİ ilə tezliklə sənədin imzalanması...'

H.Hacıyev

«Sazişin imzalanması ilə bağlı tərəflər arasında intensiv danışıqlar gedir və burada ən önəmli məqam odur ki, tərəflər arasında konstruktiv mühit var».

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında gedən danışıqlarla bağlı açıqlamasında bildirib.

H.Hacıyev deyib ki, Azərbaycanla Aİ arasında imzalanması gözlənilən strateji saziş üzərində iş gedir. Onun fikrincə, bu saziş nəticə etibarilə Azərbaycan-Aİ əlaqələrinin vahid bir çərçivədə hərtərəfli inkişafında mühüm hüquqi zəmin yaradacaq.

H.Hacıyev tərəflər arasında müxtəlif məsələlər üzrə fərqli fikirlərin olmasını da istisna etməyib. Amma onların da konstruktiv bir zəmində müzakirə edildiyini vurğulayıb: «Yəni sənəd bir neçə fəsildən ibarətdir. Bu, siyasi, iqtisadi, ticarət, humanitar və təhlükəsizlik kimi məsələləri özündə ehtiva edir. Burada da, açıq desək, müzakirə mövzusu olan əsas məsələ ticarət fəsli ilə əlaqədar məsələdir».

XİN sözçüsü deyib ki, buna səbəb Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmamasıdır: «Orada müəyyən – tariflər, subsidiyalar kimi məsələlər var və onlar da əlavə müzakirə mövzusudur. Ekspertlər səviyyəsində Aİ ilə müzakirələr davam etdirilir».

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda nə Avropa standartlarına cavab vermir?

H.Hacıyev hesab edir ki, sənədin imzalanması ilə bağlı yüksək ali-siyasi iradə ortadadır. Bununla belə, o, konkret olaraq sazişin nə zaman bağlanacağı ilə bağlı tarixi indidən söyləməyin çətin olduğunu bildirib.

«Amma tərəflərin nümayiş etdirdiyi əzm və siyasi iradə sayəsində tezliklə bu sənədin imzalanması mümkün olacaq. Biz Azərbaycan tərəfi olaraq bunu gözləyirik», - XİN rəsmisi bildirib.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa İttifaqı və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar ötən ilin əvvəlindən başlayıb.

Azərbaycanla Ümumdünya Ticarət Təşkilatı (ÜTT) arasında isə bu quruma üzvlüklə bağlı 20 ildən çoxdur danışıqların getdiyi bildirilir. Bəzi ekspertlər düşünür ki, əslində 20 ildən çoxdur davam edən bu danışıqlar imitasiya xarakter daşıyır. Onların fikrincə, ÜTT-ə üzvlük Azərbaycandan korrupsiya ilə ciddi mübarizə istəyir.