Haqqani şəbəkəsinin qurucusu vəfat edib

Jalaluddin Haqqani, 2001-ci il

Əfqanıstanın ən təhlükəli silahlı qruplaşmalarından sayılan Haqqani şəbəkəsinin qurucusu uzun sürən xəstəlikdən dünyasını dəyişib. Məlumatı qruplaşmanın müttəfiqi olan Əfqanıstan Talibanı sentyabrın 4-də yayıb.

Jalaluddin Haqqani “xəstəliklə uzun müddət çarpışandan sonra vəfat edib”, Taliban Twitter-də ingiliscə yaydığı bəyanatda deyir. Onun oğlu Sirajuddin Haqqani həm şəbəkənin lideridir, həm də Taliban liderinin müavinidir.

Taliban bəyanatında Jalaluddini “dövrümüzün tanınmış cihadçı şəxsiyyətlərindən biri” adlandırır.

Birləşmiş Ştatlar 1980-ci illərdə Əfqanıstanda sovet işğalına qarşı Haqqani ilə birlikdə mübarizə aparıb, 2012-ci ildə isə onu terrorçu qruplaşmalar siyahısına salıb.

Haqqani son 10 ildə iflic vəziyyətində idi. Ondan barəsində uzun müddət xəbər çıxmadığından ölüm xəbəri hələ 2015-ci ildə yayılmışdı.

Haqqani Əfqanıstanda Taliban hökumətində nazir idi. Taliban 2002-ci ildə ABŞ işğalına qədər Əfqanıstanı idarə edib.

Bu şəbəkə son illər Əfqanıstanda bir sıra hücumların arxasında durmaqda günahlandırılıb.