Trump qəzetdən tənqidçinin kimliyini tələb edir

Donald J. Trump

ABŞ prezidenti Donald Trump sentyabrın 5-də axşam yazdığı tvitdə “The New York Times” qəzetindən tələb edib ki, administrasiyasındakı onu tənqid edən anonim rəsminin adını açıqlasın.

Bundan öncə isə Trump Twitter-də bircə kəlmə yazıb: “XƏYANƏT?

“MƏN DƏ ONLARI SEVMİRƏM”

Prezident və Ağ ev qəzetdə dərc olunmuş məqaləyə qəzəbli reaksiya veriblər. Özünü Trump administrasiyasının yüksəkçinli rəsmisi kimi təqdim edən şəxs yazır ki, prezidentin ən pis hərəkətlərinin qarşısını tez-tez elə öz işçiləri alır.

Trump Şərq Otağında tədbir zamanı məqaləni “alçaqlıq” adlandırıb, sonradan qəzeti tənqid edib.

“Onlar Donald Trump-ı sevmirlər, mən də onları sevmirəm, çünki çox vicdansız adamdırlar”, – prezident jurnalistlərə deyib.

O, yazının müəllifini “yəqin ki, uğursuzluğa gedən və yanlış səbəblərdən, güman ki, burada olan” biri kimi təsvir edib.

Trump gecə Twitter-də yazıb ki, “Mən bataqlığı quruduram, bataqlıq da savaşmağa çalışır. Narahat olmayın, biz qalib gələcəyik!

Müəllif Trump-ı “əxlaqsız”, “ümumən antiticarət və antidemokratik” adlandırıb.

25-Cİ DÜZƏLİŞ

Köşə yazısında təəccüb yaradan bir məqam 25-ci Düzəlişin tətbiqi barədə “erkən pıçıltılar” barədədir, amma “heç kəs konstitusiya böhranı yaratmaq istəmədi. Biz administrasiyanı müddəti bitənədək düzgün istiqamətə aparmaq üçün əlimizdən gələni edəcəyik”.

Sarah Huckabee Sanders

ABŞ konstitusiyasına 25-ci düzəliş vəzifədə olan prezidenti kənarlaşdırmaq tədbirlərini nəzərdə tutur.

Trump-ın qeydlərindən sonra Ağ evin mətbuat katibi Sarah Sanders bəyanat yayaraq məqaləni “rəzil, ehtiyatsız və xudpəsənd” adlandırır. Sanders qəzeti üzr istəməyə çağırıb, bu məqaləni “liberal medianın prezidenti gözdən salmağı hədəfləyən növbəti cəhdi” hesab edir.

Məqalədə Trump-ın prezidentliyi tamamilə pislənmir, bu da belə bir spekulyasiyaya yol açır ki, müəllif ümumilikdə respublikaçı administrasiyasını dəstəkləyir.

Sentyabrın 4-də reportyor Bob Woodward-ın “Qorxu” adlı kitabından bəzi hissələr yayılıb. Kitabda iddia olunur ki, Trump-ın öz işçiləri onun masasından vacib sənədləri oğurlayıblar.

Bir gün sonra Trump bu kitabı “uydurma” adlandırdı.