Bakıda e-ticarət forumu keçiriləcək

E-ticarət

E-ticarət

Bakıda Elektron Ticarət Forumu keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, forum sentyabrın 24-i və 25-də gerçəkləşəcək.

Nazirliyin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə keçirilməsi planlaşdırılan tədbir «Bakı E-ticarət Forumu 2018» adlanır. Tədbirdə 300-dən çox yerli və xarici nümayəndənin iştirakı nəzərdə tutulur.

Bu forumun Azərbaycanda ilk dəfə olaraq elektron ticarət, elektron ödəniş, logistika xidmətlərini həyata keçirən kiçik və orta sahibkarları bir araya gətirəcəyi bildirilir. Eyni zamanda, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə məşğul olan dövlət orqanları və beynəlxalq inkişaf agentliklərinin də foruma qatılacağı gözlənir.

Fortumda məqsəd Azərbaycanda elektron ticarətin inkişafına təkan verməkdir.

Beynəlxalq tədbirdə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının müəyyən etdiyi 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunmalıdır.

Tədbir çərçivəsində e-ticarətlə məşğul olan yerli startapların (informasiya texnologiyası üzrə təşəbbüs müəllifləri-R) sərgisi də təşkil edilməlidir.