2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2.7 faiz bahalaşıb.
Bu barədə bu gün, sentyabrın 10-da Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumatda bildirilir ki, ərzaq məhsullarının qiymətləri 2.7, qeyri-ərzaq mallarının qiymətləri 3.2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2.4 faiz bahalaşıb.
DSK bildirir ki, bu ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri də 0.9 faiz artıb.
«O cümlədən ərzaq məhsullarının qiymətləri 0.3, qeyri-ərzaq mallarının qiymətləri 0.1, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2.2 faiz bahalaşıb», - məlumatda yazılıb.
DSK vurğulayır ki, ay ərzində unun, mal, qoyun və toyuq ətinin, yumurtanın, balıq məhsullarının, kərə, bitki yağlarının, şəkər tozunun, göyərtinin, pomidorun, xiyarın, kartofun, qəhvənin, çayın qiymətlərində bahalaşma baş verib.
Mannanın, qarabaşaq yarmasının, makaron məmulatlarının, almanın, armudun, şaftalının, qarpızın, yemişin, üzümün, badımcanın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunduğu açıqlanıb.
2017-ci ildə Azərbaycanda inflyasiyanın rəsmən 12 faiz civarında olduğu açıqlanıb. Mərkəzi Bank bu il inflyasiyanın 6 faiz civarında proqnozlaşdırıldığını bildirib. Müstəqil iqtisadçılar rəsmi rəqəmlərə şübhə edirlər.
İqtisadçı: «Noyabrda bahalaşma ola bilər»
«2018-ci ilin yanvar-avqust ayarlında istehlak məhsullarının və xidmətlərin qiymətində 2.7 faiz bahalaşma 2017-ci il illə müqayisədə az görünür. Çünki inflyasiya o zaman ikirəqəmli həddə idi».
Bunu REAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərlə bağlı sentyabrın 10-da açıqladığı statistik göstəriciləri dəyərləndirərkən deyib.
Hazırda inflyasiyanın təqribən 3 faiz təşkil etməsi barədə rəsmi açıqlamaları ciddi qarşılamayan N.Cəfərli burada mövsümi amillərin olduğunu da istisna etmir: «Mövsümlə bağlı olaraq yay aylarında inflyasiya az görünə bilər. Çünki istehlak bazarına məhsul çox daxil olur, bu səbəbdən mövsümi ucuzluq yaranır. Amma bu müvəqqətidir».
N.Cəfərli hesab edir ki, istehlak bazarında bahalığın növbəti dalğası noyabrın ortalarından başlaya bilər.
Amma ekspertin deməsinə görə, bahalaşmanın ən yüksək dalğası dekabr ayında gözlənir. O, bunun Yeni ilə qədər davam edəcəyini proqnozlaşdırır.