Hüseyn Abdullayevin həbs müddəti uzadılıb

H.Abdullayev

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən keçmiş deputat Hüseyn Abdullayev haqqında həbs-qətimkan tədbirinin müddəti dekabra qədər uzadılıb. Nəsimi Rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında belə qərar çıxarıb.

Məhkəməyə H.Abdullayevin özü də gətirilib.

Prokurorluq nümayəndəsi vəsatəti əsaslandırarkən deyib ki, H.Abdullayev haqqında araşdırmalar davam edir, müəyyən istintaq hərəkətlərinin aparılmasından ötrü vaxtın uzadılmasına ehtiyac var.

Məhkəmə vəsatəti təmin edib və H.Abdullayevin istintaq dövrü üçün həbs müddəti daha üç ay uzadılıb.

H.Abdullayev CM-nin 178 (dələduzluq), 182 (hədə-qorxu ilə tələbetmə), 192 (qanunsuz sahibkarlıq) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunur.

İddia olunur ki, H.Abdullayev rəhbərlik etdiyi «Araz INC» MMC vasitəsilə ümumilikdə 1 milyon 810 min manat vergini ödəməkdən yayınıb. Bundan əlavə, 2006-2018-ci illərdə «Araz-İnşaat» ASC-nin səhmdarlarına vəsaitlərin xərclənməsi barədə yalan məlumatlar verib, onları ziyana salıb.

Sabiq deputat mühacir kimi yaşadığı Almaniyadan zəng edib, «Autist Uşaqların Reabilitasiyasına Kömək» İctimai Birliyinin sədri Elnur Məmmədovu hədələməkdə də suçlanır. İddia olunur ki, onların arasında icarə müqaviləsi olub. Müqaviləyə əsasən, E.Məmmədov hər ay 3 min manat icarə haqqı ödəməliymiş, ancaq H.Abdullayev ondan 6 min manat tələb edib.

H.Abdullayevin vəkili Ruhid Əkbərov ittihamları şərh etmək və bu iş barədə açıqlama vermək istəməyib.

Sabiq deputatın yaxınları isə onun özünü təqsirli bilmədiyini deyir.

H.Abdullayevin anası Zeynəb Abdullayeva da oğlunun işi üzrə istintaqa cəlb olunub. 76 yaşlı Z.Abdullayeva təqsirləndirilən şəxs qismində tanınsa da, həbs edilməyib. Nəsimi Rayon Məhkəməsinin qərarıyla onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Z.Abdullayeva CM-in 326.1 (rəsmi sənədləri, möhür və ştampları oğurlama, məhv etmə və ya gizlətmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.