Birləşmiş Ştatlar Rusiyanı BMT-nin müstəqil hesabatını dəyişməkdə ittiham edib. Moskvanın məqsədinin BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarını iddia olunan pozuntularını ört-basdır etmək olduğu bildirilir.
ABŞ-ın BMT-dəki səfiri Nikki Haley sentyabrın 13-də deyib ki, Rusiya sanksiyalara müstəqil nəzarət edənlərə təzyiq göstərib, ötən ay Təhlükəsizlik Şurasının Şimali Koreyaya sanksiyalar üzrə komitəsinə təqdim olunmuş hesabatına dəyişiklik edilməsinə nail olub.
Hesabatda deyilirdi ki, Pxenyan nüvə və raket proqramlarını dayandırmayıb, BMT-nin ixraca qoyduğu sanksiyaları pozub.
Anonimlik şərtilə danışan bir diplomat deyib ki, dəyişdirilmiş hesabatda Şimali Koreya sanksiyalarını pozmaqda suçlanan rusiyalıların adları çıxarılıb.
Rusiya avqustun sonunda hesabatın dərcini önləmişdi, onun tapıntıları ilə razılaşmadığını bildirmişdi.
“Rusiyaya BMT-nin müstəqil hesabatlarını redaktə etməyə, önləməyə icazə verilə bilməz”, – Haley bəyanatında deyib.
Rusiyanın BMT-dəki missiyası, sanksiyalara nəzarət edən qurumun rəhbəri məsələni, hələlik, şərh etməyib.