Vəkil ondan verilən şikayətlə tanış olub

E.Sadıqov

Bu gün, sentyabrın 17-də vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasında ondan verilən şikayətlə tanış olub.

E.Sadıqovun bildirməsinə görə, Baş prokurorun müavini Rüstəm Usubovun ondan Vəkillər Kollegiyasına etdiyi şikayətlə bağlı bu qurumun sədri Anar Bağırovla görüşüb.

Vəkil həmin görüşlə bağlı açıqlamasında vurğulayıb ki, ona qarşı prokurorluğun müraciətinin tam qanunsuz olması mübahisə doğurmayan haldır: «Bununla belə, şikayətin əsaslı olub-olmamasından asılı olmayaraq, Vəkillərin İntizam Komissiyası onu araşdırmalı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti qərar verməlidir. 10 ildən çoxdur, vəkillik fəaliyyəti ilə məşğulam. Vəkil fəaliyyətimdə həmişə qanunun aliliyini, vicdanlılığı, dürüstlüyü, ədalətliliyi, dönməzliyi, peşəkarlığı rəhbər tutmuşam. Şərəfli vəkil peşəsinin inkişafı üçün çalışmışam və fəaliyyətimdə vəkil adını yüksək tutmuşam».

E.Sadıqov deyib ki, indiyədək Vəkillər Kollegiyasının Rəyasət Heyətindən özünə qarşı hər-hansı qərəz müşahidə etməyib: «Kollegiyanın Rəyasət Heyətinin üzvləri ilə daim qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Yada salım ki, 2018-ci ildə barəmdə iki intizam icraatı olub. Hər iki işdə şikayətçi qarşı tərəf olub. Həmin şikayətlərdə iddia olunurdu ki, guya, mən onlara qarşı kobud davranmışam, vəkil etikasını pozmuşam. Məhkəmə iclas protokolları ilə təsdiq edilmədiyindən Vəkillər Kollegiyası həmin şikayətlər üzrə açılmış intizam icraatlarına xitam vermişdi».

«Ümidvaram ki...»

E.Sadıqov bildirib ki, bu gün, sentyabrın 17-da keçirilən görüşdə barəsindəki yeni intizam icraatı barədə söhbət edib: «İcraatın materialları hamıya bəlli olan qərarın mətnindən ibarətdir. Ümidvaram ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti intizam icraatı barədə qərar verərkən obyektivlik və ədalətlilik nümayiş etdirəcək, vəkilliyin nüfuzuna qarşı olan bu şikayət üzrə intizam icraatına xitam verəcək».

Baş Prokurorluğun vəkil E.Sadıqovdan Vəkillər Kollegiyasına şikayət etdiyi bildirilir. Bu barədə onun özü məlumat yaymışdı.

«Qanunla müdafiə etdiyim şəxslə məzmunu konfidensial olan görüşüm dinlənilib və bununla əlaqədar olaraq mənim barəmdə intizam icraatı başlanılıb», - vəkil bildirmişdi.

E.Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsdə görə həbs edilən Yunis Səfərovun vəkili idi. Sentyabrın 5-də Baş Prokurorluğun E.Sadıqovun onun müdafiəsindən kənarlaşdırılması haqda qərar qəbul etdiyi bildirilir.

Qərarın surətini ötən həftənin əvvəlində Y.Səfərovun anası Leylaxanım İsmayılova açıqlamışdı.

«5 sentyabr 2018-ci ildə baş prokurorun birinci müavininin imzaladığı qərar 6 sentyabr 2018-ci il tarixdə oğluma təqdim edilib. Həmin qərarda göstərilir ki, Baş Prokurorluq Bakı İstintaq Təcridxanasında oğlumla vəkilinin qanunla konfidensial olmalı olan görüşlərini izləyib. Vəkilin oğluma məsləhətlərini dinləyib və onun oğluma məsləhətləri xoşuna gəlmədiyi üçün vəkili cinayət işindən kənarlaşdırıb», - deyə Y.Səfərovun anası ictimaiyyətə müraciətində qeyd edirdi.

İstər L.İsmayılovanın, istərsə də E.Sadıqovun bu açıqlamasına nə Baş Prokurorluqdan, nə də Vəkillər Kollegiyasından münasibət almaq mümkün olub.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edirlər ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.

Baş Prokurorluğun, eləcə də əlaqəli başqa dövlət qurumlarının vəkillərdən kollegiyaya şikayət etməsi təcrübəsi Azərbaycanda geniş yayılıb. Belə şikayətlər, adətən, vəkillərin fəaliyyətinə xitam verilməsi və ya dayandırılması ilə nəticələnir.

Vəkillər Kollegiyası son 7-8 ayda bir çox vəkilin fəaliyyətini belə şikayətlərin əsasında dayandırıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev və başqaları var. Y.İmanov istisna olmaqla, digərlərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər fəaliyyətlərinin dayandırılmasını siyasi məhbus sayılan şəxsləri müdafiə etmələri ilə izah ediblər. Vəkillər Kollegiyası rəhbərliyi isə bununla razılaşmır, onları qanun pozuntularına yol verməkdə təqsirləndirir.