Rusiya hərbi təyyarəsi 'təsadüfən' vurulub

IL-20 təyyarəsi

Suriyanın havadan müdafiə qüvvələri Rusiyanın hərbi kəşfiyyat təyyarəsini təsadüfən vurub. 15 hərbi qulluqçu həlak olub. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Nazirlik İsraili insidentlə sonuclanan “təhlükəli” vəziyyəti yaratmaqda suçlayıb.

Nazirliyin sözçüsü Igor Konashenkov sentyabrın 18-də deyib ki, Rusiya təyyarəsi ötən gecə vurulub. Sözçü “İsrail ordusunun məsuliyyətsiz hərəkətləri”ni pisləyib. Məlumatı Rusiyanın TASS dövlət xəbər agentliyi yayıb.

“Bu, Rusiya-İsrail tərəfdaşlığına tamamilə ziddir”, – Konashenkov deyib.

***

Aralıq Dənizinin şərq sahilində Rusiyanın hərbi kəşfiyyat təyyarəsi itib. Təyyarədə 14 nəfər heyət üzvü olub. CNN təyyarəni Suriya qüvvələrinin vurması ehtimalını irəli sürüb.

Rusiya Müdafiə Nazirliyi sentyabrın 18-də bildirib ki, Il-20 təyyarəsi İsrailin F-16 qırıcıları Suriyanın Latakya vilayətində hədəfləri vurduğu zaman radardan itib. Təyyarə Hmeimim bazasına qayıdarkən onunla əlaqə kəsilib.

Rusiya hərbi qüvvələri axtarış əməliyyatına başlayıb.

CNN ABŞ-ın adını çəkmədiyi rəsmisinə istinadla xəbər verib ki, təyyarəni Suriyanın havadan müdafiə artilleriyası təsadüfən vurub.

Daha bir ABŞ rəsmisinin CNN-ə deməsinə görə, insident İsrailin Suriyadakı obyektlərə hücumu zamanı baş verib.

İsrail tərəf məsələni şərh etməyib.

Daha öncə Suriyanın SANA agentliyinin bildirməsinə görə, sentyabrın 17-də axşam Latakyada bir neçə məkana raketlər atılıb. Dövlət mediası partlayışların İsrailin zərbələri nəticəsində törədilməsi nəticəsində baş verdiyini xəbərləyib.