Ali Məhkəmə Ə.Muxtarlının şikayətini təmin etməyib

Ə.Muxtarlı

Bu gün, sentyabrın 18-də Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətinə baxılıb.

Jurnalist Şəki Apellyasiya Məhkəməsinin qərarından şikayət verib, amma Muxtarlı özü prosesdə iştirak etməyib.

Vəkil Elçin Sadıqov şikayəti müdafiə edib, məhkəmədən onu təmin etməyi və jurnalistə bəraət verməyi xahiş edib. Amma prokuror Rövşən Tağızadə məhkəmədən qərarın qüvvədə saxlanmasını istəyib.

Qısa müşavirədən sonra məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayında müəmmalı şəkildə Azərbaycanda həbs edilib.

Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Rəsmi ittihamda isə bunun əksi iddia olunur. O, güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il azadlıqdan məhrum edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərarı sonradan bu şəhərin apellyasiya məhkəməsi də təsdiq edib.

Ə.Muxtarlı həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyib. Hakimiyyət təmsilçiləri isə ölkədə heç kimin jurnalist fəaliyyətinə görə həbs edilmədiyini bəyan edib.