AXCP funksionerlərinin həbs müddəti üç ay artırıldı

Polis

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin fəalı Ruslan Nəsirlinin həbs müddəti dekabrın 9-na qədər artırılıb.

Sentyabrın 18-də Nəsimi Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin cəbhəçi fəalların həbs müddətinin uzadılması barədə vəsatətinə hakim Elman İsayev baxıb. Məhkəmədə AXCP üzvlərinin özləri də iştirak edib, ancaq onların işlərinə ayrı-ayrılıqda baxılıb.

Cəbhəçilər təqsirsiz olduqlarını bildiriblər, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qeyri-insani rəftarla üzləşmələrindən danışıblar.

Təqsirləndirilən şəxslər və onların vəkilləri prokurorluğun vəsatətinə etiraz ediblər. Lakin məhkəmə istintaq dövrü üçün cəbhəçilər haqqında seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması barədə prokurorluğun vəsatətini təmin edib.

AXCP funksionerlərinin yaxınları AzadlıqRadiosuna bildirib ki, həbs müddətinin uzadılması qərarından apellyasiya şikayəti veriləcək.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmlinin həbs müddəti də bir neçə gün öncə dekabra qədər uzadılıb.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və partiyanın Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş keçmiş icra başçısı S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir.

Onlar haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi başlanıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.