Məhkəmə saytın şikayətini geri qaytardı

Sizin brauzer HTML5-i dəstəkləmir

Xəbərləri hardan oxuyursuz?

Məhkəmə müxalifyönlü bastainfo.com saytına ölkə içindən girişin məhdudlaşdırılmasından verilən şikayətə baxmaqdan imtina edib.

Bu haqda AzadlıqRadiosuna adıçəkilən saytın rəhbəri Mustafa Hacıbəyli bildirib.

İki ay əvvəl blok edilən saytın rəhbərinin deməsinə görə, onlar Bakı şəhər 1 Saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər.

M.Hacıbəylinin qeyd etməsinə görə, tələbləri də bu olub ki, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin saytı bloklaması qanunsuz hesab edilsin və blok qaldırılsın. İddia nazirliyə və nazirlikdən bloklanmanı tələb etmiş Baş Prokurorluğa qarşı qaldırılıb.

M.Hacıbəylinin sözlərinə görə, məhkəmədə hər iki cavabdehin təmsilçiləri iştirak ediblər. Baş Prokurorluğun nümayəndəsi bildirib ki, onların saytla bağlı hərəkətləri qanuni olub.

Nümayəndə deyib ki, saytda qanunazidd məqalələr dərc olunduğundan onun bloklanması xahişi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər.

M.Hacıbəyli deməsinə görə, məhkəmədəki çıxışında vurğulayıb ki, qanuna əsasən, nazirlik prokurorluğun narazı olduğu məqalələrin saytdan çıxarılması ilə bağlı xəbərdarlıq məktubu göndərməli idi. Ancaq sayta xəbərdarlıq məktubu göndərilməyib.

Sayt rəhbəri vurğulayıb ki, bunun, eləcə də bir neçə məqaləyə görə bütövlükdə resursun bloklanmasının ifadə azadlığı hüququna zidd olduğunu ifadə edərək məhkəmədən iddianın təmin edilməsini istəyib.

Ancaq verilən məlumata görə, hakim Elçin Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası iddiaya baxılmasının mümkünsüz olmasına qərar verib.

M.Hacıbəyli qərarla razı olmadıqlarını, apellyasiya şikayəti verəcəklərini bildirib.

Xatırlatma

bastainfo.com saytı iki ay əvvəl bloklanıb.

İyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Orada bildirilib ki, bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər internet vasitəsilə həqiqətəuyğun olmayan təxribat xarakterli məlumatlar yayıblar.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az fia.az internet saytlarına müraciətlərin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Saytlar ittihamları qəbul etmirlər. Terrorda ittiham edilən Y.Səfərovdan isə bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

Ötən il qanunvericiliyə dəyişiklikdən sonra Azərbaycanda ümumilikdə 10-dan çox sayta giriş məhdudlaşdırılıb.