Nüvə silahı olmayan Koreya yarımadası vəd edirlər

Kim Jong Un (sağda) və Moon Jae-in Pxenyan sakinləri ilə görüşdə

Cənubi və Şimali Koreya liderləri tarixi görüşlər keçiriblər. Onların deməsinə görə, nüvə silahı olmayan Koreya yarımadasına nail olmağa razılaşıblar.

Sentyabrın 18-də Pxenyanda keçirilən mətbuat konfransında Şimali Koreya lideri Kim Jong Un deyib ki, yaxın gələcəkdə Cənubi Koreyaya səfər edəcək.

Bu baş verərsə, yarımada on illər öncə parçalanandan bəri Şimali Koreya liderinin ilk belə səfəri olar.

Cənubi Koreya prezidenti Moon Jae In isə jurnalistlərə deyib ki, Kim raket mühərriklərinin sınaq sahəsini və buraxılış məkanını bağlamağa, müfəttişlərə yoxlama keçirməyə icazə verməyə razılaşıb.

Jurnalistlərə paylanan razılaşmada deyilir ki, liderlər hər iki ölkənin nəzarət etdiyi sərhəd kəndinin hərbsizləşdirilməsinə, torpaq minalarının yığıımasına razılaşıblar. Onlar iki ölkəni ayıran neytral zonadan 11 keşikçi postunu da yığışdıracaqlar.

Liderlər 2032-ci il Yay Olimpiya oyunlarına birgə ev sahibliyi etməyə də razılaşıblar.

Bu il Moon və Kim artıq üçüncü dəfədir görüşürlər.

Daha öncə iki ölkənin müdafiə nazirləri bir araya gəlib, yarımadada gərginliyin azaldılmasını hədəfləyən hərbi razılaşma imzalayıblar.