Gəncədə Aşura günü həbs edilənlərə cəza istənilib

Gəncədə Aşura

Gəncə şəhərinin Kəpəz Rayon Məhkəməsində 2017-ci ildə Aşura mərasimi zamanı baş vermiş olaylarda həbs edilmiş şəxslərin məhkəməsi yekunlaşır. Sonuncu məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilənlərə cəza istəyib.

Məhkəmə prosesi haqda «Turan» agentliyinə təqsirləndirilənlərdən Firudin Zeynalovun yaxınları məlumat verilib. Onların deməsinə görə, sentyabrın 18-də keçirilmiş prosesdə hakim Yaşar Həşimov məhkəmə istintaqının yekunlaşdırılması ilə bağlı təqsirləndirilənlərə, onların müdafiəçilərinə söz verib.

Müdafiə tərəfi məhkəmə istintaqının davam etdirilməsini istəyib. Vəkillər bildiriblər ki, 2017-ci ildə Gəncədə Aşura mərasiminin görüntüləri məhkəmədə izlənildikdən sonra yeni xüsusatlar ortaya çıxıb. Onlar habelə deyiblər ki, görüntülərlə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrində ciddi uyğunsuzluqlar üzə çıxıb. Bunu əsas gətirən vəkillər zərərçəkmiş və şahidlərin bir neçəsinin məhkəmədə yenidən dindirilməsi barədə vəsatət veriblər.

F.Zeynalovun yaxınlarının qeyd etməsinə görə, ancaq məhkəmə heyəti həmin vəsatətləri rədd edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Gəncədə Aşura mərasimi

Ardınca dövlət ittihamçısı çıxış edib. Cinayət işi materiallarının məhkəmədə öz təsdiqini tapdığını deyən ittihamçı təqsirləndirilənlərə cəza istəyib.

Bildirildiyinə görə, Aşura mərasimi olayları ilə bağlı həbs edilən 7 nəfərə 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası istənilib.

Məhkəmə prosesinin sentyabrın 24-də yekunlaşması gözlənilir. Həmin gün təqsirləndirilən şəxslər, onların vəkilləri yekun çıxış edəcəklər.

Aşura hicri təqvimində Məhərrəm ayının 10-cu günüdür. Miladi təqvimi ilə 680-ci ilin həmin günü Kərbəlada Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Aradan XIII əsr keçsə də, islam aləmində həmin gün hələ də faciə kimi qeyd edilir. «Aşura» sözü ərəbcə 10-cu deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir

Xatırlatma

2017-ci il sentyabrın 30-da Gəncədəki «İmamzadə» ziyarətgahında qarşıdurma baş verdiyi bildirilirdi. Yerli sakinlərin həmin vaxt verdikləri məlumatlara görə, polis insanları incidərək mərasim keçirməyə buraxmayıb və bu zaman insident yaranıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Seyid Tahir Qarabaği isə bildirmişdi ki, Gəncədə Aşura mərasimləri ilə bağlı «İmamzadə» kompleksində böyük bir insident baş verməyib, bir anlaşılmazlıq olub.

«Bu vaxt «İmamzadə» kompleksinə çoxsaylı insan gəlib. Kişilər daxil olan yolda adam çox olduğu üçün onlar qadınlar olan tərəfdən içəri keçmək istəyiblər, polis buna icazə verməyib. Amma dediyim kimi, 4-5 dəqiqə ərzində bu insident aradan qalxıb və odur ki, hər hansı qarşıdurmadan danışmaq olmaz». – T.Qarabaği belə demişdi.

Ancaq rəsmi qurumlar baş verənləri bəzi şəxslərin polisə müqaviməti və xuliqanlıq kimi dəyərləndirib. Gəncə şəhər Prokurorluğu həmin olaylara görə Cinayət Məcəlləsinin 315 (Hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlamışdı.