Kavanaugh-nu suçlayan qadın üçün son tarix qoyuldu

Brett Kavanaugh

ABŞ Senatı Ali Məhkəmə hakimliyinə namizədliyi verilmiş şəxsi cinsi təcavüzdə suçlayan qadına iki gün vaxt verib ki, ifadə verməklə bağlı qərarını açıqlasın.

Senatın ədliyyə komitəsinin sədri Chuck Grassley Christine Blasey Ford-un vəkillərinə məktubda yazır ki, o, sentyabrın 21-dək qərarını verməlidir. Qadın sentyabrın 24-də ifadə verməyə çağrılıb.

Ford Ali Məhkəməyə namizədliyi prezident Donald Trump tərəfindən irəli sürülmüş Brett Kavanaugh-nu cinsi təcavüzdə suçlayır. O zaman Kavanaugh-nun 17, onun 15 yaşı varmış.

Bu iddialar Kavanaugh-nun təsdiqlənmə prosesi ətrafında qeyri-müəyyənlik yaradıb. Onun Ali Məhkəmənin doqquz hakimindən biri təyin olunması məhkəmənin daha mühafizəkar mövqe tutması deməkdir ki, Trump və respublikaçıların məqsədi də budur.

Kavanaugh ittihamları rədd edib. Trump isə bu ittihama şübhəylə yanaşdığını bildirib.

Komitə Kavanaugh-nun nominasiyasına dair səsverməni ertələyib, sentyabrın 24-nə ictimai dinləmə təyin edib ki, həm o, həm də ittihamçı qadın ifadə versinlər.

Ancaq Ford məktubunda yazıb ki, Senat komitəsində ifadə verməyə razılaşmazdan öncə Federal Təhqiqat Bürosunun onun iddiasını araşdırmasını istəyir.