İsrail rəsmisi Moskvada ‘açıq’ danışıqlar aparıb

Il-20 kəşfiyyat təyyarəsi Rusiyanın Suriyadakı Hmeimim bazasından qalxır, 2015-ci il

İsrailin hava qüvvələrinin rəhbəri Moskvada rəsmilərlə “peşəkar, açıq” danışıqlar aparıb.

General mayor Amikam Norkin sentyabrın 20-də Moskvada olub. O, Rusiyanın Il-20 kəşfiyyat təyyarəsinin Suriyada vurulmasına dair öz ordusunun tapıntlarını bölüşüb.

Rusiya təyyarənin müttəfiqi Suriyanın hava qüvvələri tərəfindən təsadüfən vurulduğunu etiraf edib.

İsrail ordusunun Norkinin Moskvaya səfərindən sonra yaydığı bəyanatda deyilir ki, “görüşlər yaxşı atmosferdə keçirilib, bütün təmsilçilər müxtəlif məsələlər üzrə peşəkar, açıq və şəffaf müzakirə aparıblar”.

İsrail və Rusiya hava insidentləri riskinin azaldılması üçün Suriyada və ətrafındakı qüvvələri arasında informasiya mübadiləsi yaradıblar.

***

Sentyabrın 20-də İsrailin hava qüvvələrinin rəhbəri Moskvaya yollanır. Bundan cəmi bir neçə gün öncə Suriya sahillərində Rusiyanın hərbi kəşfiyyat təyyarəsi vurulub, 15 rusiyalı hərbi qulluqçu həlak olub.

Rusiya Il-20 təyyarəsinin müttəfiqi Suriya tərəfindən təsadüfən vurulduğunu deyib. Ancaq eyni zamanda İsraili həmin vaxtda Suriya qüvvələri üzərində reyd keçirməkdə suçlayıb.

İsrailsə sentyabrın 18-də bildirib ki, Suriyanın havadan müdafiə sistemləri “heç nəyə fərq qoymadan atəş açıblar”, səmada Rusiya təyyarəsinin olub-olmamasına fikir verməyiblər.

İnsident sentyabrın 17-də baş verib.

İRANDAN DA DANIŞACAQLAR

Rusiyayla İran Suriyada yeddi ildir gedən vətəndaş müharibəsində Suriya prezidenti Bashar al-Assadı dəstəkləyir.

Assad Rusiyanın havadan verdiyi dəstək sayəsində islamçı yaraqlıları və Qərbin dəstəklədiyi üsyançıları geri oturda, hakimiyyətini qoruyub saxlaya bilib.

Moskvadakı İsrail səfirliyi qarşısında Rusiya polisi, 18 sentyabr, 2018-ci il

İsrail ordusunun məlumatına görə, general mayor Amikam Norkin və digər aparıcı rəsmilər Moskvaya “hadisəylə bağlı bütün aspektləri əhatələyən hesabat” təqdim edəcəklər.

O da bildirilir ki, nümayəndə heyəti “İranın Hezbollaha strateji silahlar ötürmək... Suriyada İranın hərbi mövcudiyyətini bərqərar etmək cəhdləri”ndən də danışacaq.

İsrailin baş naziri Benjamin Netanyahu təhqiqatdan ötrü Rusiyaya “gərəkən bütün informasiya”nı təklif edib.

Sentyabrın 18-də Netanyahu ilə telefonla danışan Rusiya prezidenti Vladimir Putin bunu “faciəvi təsadüfi hadisələr zənciri” adlandırıb.

Ancaq əlavə edib ki, Rusiya “baş verənləri dərindən araşdırmalıdır” və İsrailin informasiya vermək təklifini qəbul edib, hökuməti detalları öyrənəcək.

Benjamin Netanyahu (ortada), Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valery Gerasimov (sağda) və Vladimir Putin (solda) Kremldə, 11 iyul, 2018-ci il

İSRAİLİN ARQUMENTİ

İsrail ordusu deyir ki, qırıcıları həmin anda İranın dəstəklədiyini Hizballah yaraqlılarına silah transferilə məşğul olan obyekti hədəfə alıb. Məlumata görə, Suriya raketləri Rusiya təyyarəsini vuranda İsrail təyyarələri artıq İsrailin hava məkanında olublar.

İsrail bildirir ki, əvvəlki razılaşmalara uyğun olaraq reydlər barədə Rusiya qüvvələrini xəbərdar edib.

Amma Rusiyanın müdafiə nazirliyi İsrailin xəbərdarlığını zərbədən bir dəqinə öncə alındığını deyir, İsrail ordusunu Rusiya təyyarəsindən Suriya müdafiə sistemindən yayınmaq üçün istifadə etməkdə suçlayır.

ABŞ rəsmiləri Rusiya təyyarəsinin vurulmasından kədərləndiklərini, Amerika qüvvələrinin bu insidentdə iştirakı olmadığını vurğulayıblar.

Prezident Donald Trump insidenti “çox kədərli” adlandırıb, bunun “yaxşı situasiya olmadığını” deyib.