NATO baş katibinin müavini: 'Azərbaycanla münasibətlər...'

General R.Qetemüller

«Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Ölkənin NATO ilə təhlükəsizlik problemləri üzrə sıx əməkdaşlıq tarixi var».

Bu sözləri sentyabrın 20-də Bakıda keçirilən «Qadınlar, sülh və təhlükəsizlik» mövzusunda konfransda Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov deyib.

Konfransı NATO və Azərbaycan Xarici İşlər Nazirliyi birgə təşkil edib.

Q.Əliyev vurğulayıb ki, NATO Azərbaycanın Əfqanıstandakı missiyaya daimi töhfəsini yüksək qiymətləndirir.

Konfransın işində iştirak edən NATO baş katibinin müavini Rouz Qetemüller Azərbaycanla bu qurumun münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib: «NATO terrorizmlə mübarizədə Azərbaycanın rolunu yüksək dəyərləndirir. Azərbaycanın Əfqanıstandakı mövcudluğunu artıraraq oradakı sülhməramlı missiyanı dəstəklədiyinə görə çox şadıq. Azərbaycan həmçinin, Əfqanıstana malların təchizatının diversifikasiyası məsələsində çox əhəmiyyətli nəqliyyat dəhlizi rolunu oynayır. Beləliklə, Azərbaycan fəal şəkildə terrorizmlə mübarizədə NATO-nun səylərini dəstəkləyir».

Azərbaycanın Əfqanıstandakı hərbçilərinin sayı bu ildən artırılıb. Onların sayı 90-dan 120-yə çatdırılıb.

Xatırlatma

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Onların fikrincə, bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Azərbaycan rəsmiləri bu tənqidləri qəbul etmir, balanslı siyasət apardıqlarını bildirirlər.