«Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır».
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərə səfər etməsi barədə bəyanatında belə yazılır. Nazirlik diqqəti iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşməsinin planlaşdırılmasına çəkib.
«Hər iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfəri və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir», - XİN qeyd edib.
Nazirlik ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanı danışıqlar prosesinə xələl yetirən təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa səsləyib.
«Ermənistan son günlər vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür», - bəyanatda bildirilir.
BMT Baş Assambleyasının sessiyası artıq sentyabrın 18-də başlayıb. Sülh, təhlükəsizlik və beynəlxalq hüquq məsələlərinin müzakirəsi nəzərdə tutulan sessiyanın sentyabrın 28-nə kimi davam edəcəyi gözlənir.
Xatırlatma
Ermənistanın baş naziri N.Paşinyan dünən, sentyabrın 19-da ölkəsinin hərbi rəhbərliyi ilə birgə Azərbaycanın işğal edilən Kəlbəcər rayonundakı mövqelərdə olub. O, daha sonra Ermənistanın Azərbaycanın hücumunu dəf etməyə hazır olduğunu açıqlayıb.
Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşünün keçirilməsinin nəzərdə tutulduğu açıqlanıb.
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa bu qurumda həmsədr ölkələrdir.