Etimad İsmayılovun nəşi Azərbaycana gətirilib

E.İsmayılov

Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən işadamı Etimad İsmayılovun nəşi sentyabrın 20-si gecə Bakıya gətirilib.

Bu barədə Ədalət Partiyasından bildiriblər.

Partiyadan verilən məlumata görə, cənazəni mərhumun atası, Ədalət Partiyasının sədri İlyas İsmayılov və başqa yaxınları qarşılayıblar.

E.İsmayılovun yaxınlarının iştirakı ilə onun nəşi atasının Nardaran qəsəbəsində yerləşən bağ evinə aparılıb.

Mərhum işadamının bu gün, sentyabrın 21-də Nardaran qəbiristanlığında dəfn olunacağı gözlənir.

E.İsmayılov sentyabrın 19-da ofisində başından iki, ürəyindən bir güllə yarası alaraq qətlə yetirilib. Türkiyənin və yerli mətbuatın yazdığına görə, onu qətlə yetirməkdə şübhəli bilinən şəriki Gözəl Dəmirov saxlanıb.

Mərhumun yaxınlarının bildirməsinə görə, qətl borc mübahisəsinə görə baş verib. Ancaq bu deyilənlərə, hələlik, saxlanan G.Dəmirovdan münasibət almaq mümkün olmayıb.

Mərhumun atası İ.İsmayilov keçmiş respublika prokuroru və keçmiş ədliyyə naziri olub. Mərhum E.İsmayilov isə atasının rəhbərlik etdiyi Ədalət Partiyasının sədr müavini idi.

Xatırlatma

Etimad İsmayılov 1969-cu il iyunun 22-də Bakıda doğulub.

Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Uzun müddət Azərbaycanda vəkil işləyib.

Rusiyada biznes fəaliyyəti ilə də məşğul olan E.İsmayılov 2008-ci ilin martında Bakıdan Moskvaya qayıdarkən aeroportda saxlanmışdı. Çirkli pulların yuyulmasında ittiham olunan E.İsmayılov Rusiyada 8 il həbs cəzası alıb. 2011-ci ildə bir daha Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxıb. E.İsmayılov özünü ittiham üzrə günahsız sayırdı.

O, telejurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurmuşdu. Türkiyədə bizneslə məşğul olduğu bildirilirdi.