Xarici işlər naziri Nyu-Yorka gedib

E.Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrinə qatılmaq üçün Nyu-Yorka gedib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 21-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, səfər çərçivəsində nazir E.Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, sessiyasının müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşünün keçirilməsinin nəzərdə tutulduğu da açıqlanıb. Onların Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacağı gözlənir.

BMT Baş Assambleyasının sessiyası artıq sentyabrın 18-də başlayıb. Sülh, təhlükəsizlik və beynəlxalq hüquq məsələlərinin müzakirə olunduğu sessiyanın sentyabrın 28-nə kimi davam edəcəyi bildirilir.