Ali Məhkəməyə namizədi daha bir qadın suçlayır

Donald Trump (sağda) və Brett Kavanaugh

ABŞ Prezidenti Donald Trump-ın Ali Məhkəməyə namizədliyini verdiyi şəxsi daha bir qadın seksual nalayiq hərəkətlərdə suçlayır.

Bu xəbər çıxandan cəmi bir neçə saat öncə eyni ittihamla çıxış edən birinci qadın Christine Blasey Ford-un vəkilləri deyiblər ki, o, sentyabrın 27-də Senatın Ədliyyə Komitəsində ifadə verməyə razılaşıb.

51 yaşlı Ford Ali Məhkəmə hakimliyinə namizəd Brett Kavanaugh-nu seksual təcavüzdə suçlayır. Dediyinə görə, o zaman Kavanaugh-nun 17, qadının 15 yaşı varmış.

Kavanaugh ittihamları rədd edir.

Amma ittihamlar namizədin təsdiqlənmə prosesinin ertələnməsinə səbəb olub.

“The New Yorker” dərgisinin yazmasına görə, indi də 53 yaşlı Deborah Ramirez Kavanaugh-nu ittiham edir ki, 1980-ci illərdə Yale Universitetində kollec partisi zamanı onu cinsi nalayiq hərəkətə məcbur edib.

Kavanaugh ittihamları dərhal rədd edib.

Demokratların bəziləri yeni ittihamlar araşdırılana qədər 27 sentyabr dinləməsini ertələməyə çağırıblar.

Kavanaugh məhkəmə hakimliyinə təsdiqlənərsə, məhkəmədə mühafizəkarların mövqeyi 5-4 nisbətinə dəyişə bilər.