BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Belə bir görüşün keçiriləcəyi bundan əvvəl də açıqlanmışdı. Amma onda görüşün dəqiq tarixi deyilmirdi.
XİN bildirir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) başqa, bu qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
BMT Baş Assambleyasının sessiyası artıq sentyabrın 18-də başlayıb. Sülh, təhlükəsizlik və beynəlxalq hüquq məsələlərinin müzakirə olunduğu sessiyanın sentyabrın 28-nə kimi davam edəcəyi gözlənir.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
Sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa bu qurumda həmsədr ölkələrdir.