Gəncədə 74 partlamamış hərbi sursat tapılıb

Patron. Foto arxiv

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirir ki, sentyabrın 23-ü saat 19:06-da Daxili İşlər Nazirliyinin «102» Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat alıblar.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Kəpəz Rayon Polis Şöbəsi birlikdə sözügedən ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirib.

«74 ədəd partlamamış hərbi sursat (62 ədəd LPS patronu, 10 ədəd PQ-7 raketi və 2 ədəd PQ-9 raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb», - məlumatda vurğulanır.