Bir neçə məcəlləyə dəyişiklik ediləcək

Milli Məclis

Milli Məclis

İnzibati xətalar, əmək, vergi, gömrük və mülki məcəllələrə dəyişiklik ediləcəyi gözlənir.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, dəyişiklik təklifləri bu gün, sentyabrın 24-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib. Komitə ümumilikdə 18 məsələyə baxıb.

Vergi və gömrük məcəllələrinə təklif olunan dəyişikliklər 2017-ci ildə dəyişdirilmiş «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun icrası ilə bağlıdır. Dəyişikliklər məhkəmələrə cəlb edilən ekspertlərin vəzifələri ilə bağlıdır. Dəyişikliklərə görə, «...ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar, sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir».

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin isə «Təhsil haqqında», «Elm haqqında» və «İcra haqqında» qanunlara uyğunlaşdırılması xarakteri daşıdığı bildirilir. Dəyişiklik istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara, magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğlərinin gəlir vergisindən azad edilməsini nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinə edilməsi planlaşdırılan dəyişikliklər isə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi, standartlaşdırma prosesi və bələdiyyələrin maliyyə məsələləri ilə əlaqəlidir.

Deputatlar məcəllələr, eləcə də bəzi qanunlara təklif olunan dəyişiklikləri bəyəniblər. Həmin təkliflərə növbəti mərhələdə Milli Məclisin plenar iclasında baxılmalıdır.