Rəsmi saytlara giriş çətinləşib

Kompüter

Təxminən bir saatlıq fasilədən sonra Azərbaycanın dövlət müəssisələrinin hostinqi olan gov.az internet domeninin işi tam bərpa edilib.

Saytlarda problem saat təqribən 15-də qeydə alınmışdı.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hələlik, olayla bağlı açıqlama verilməyib.

+++

Bu gün, sentyabrın 25-də günortadan sonra Azərbaycanda dövlət qurumlarının internet saytlarının fəaliyyətində problemlər yaranıb. gov.az domenində olan rəsmi saytlara giriş çətinləşib.

Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarının Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə məxsus serverdə yerləşdiyi və oradan idarə olunduğu bildirilir.

Hələlik adıçəkilən qurumdan və Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən problemin səbəbləri barədə məlumat almaq mümkün olmayıb.

«Turan» agentliyi gov.az-dakı saytlara girişin çətinləşməsinin səbəbləri haqda mütəxəssislərin rəyini öyrənib.

Ekspertlər hesab edir ki, problem, əsasən, üç səbəbdən baş verə bilər. Onların fikrincə, bunlardan birincisi öncədən müəyyən edilmiş profilaktika tədbirləri və ya texniki nasazlıq ola bilər.

Eyni zamanda, infrastruktur səviyyəsində geniş xarici müdaxilə və texniki heyət tərəfindən sındırılma da istisna edilmir.

Xatırlatma

gov.az domenindəki rəsmi saytlara girişdə 2 il əvvəl də problem yaranmışdı.

2016-cı il fevralın 22-də səhər saatlarından dövlət resurslarının cəmləşdiyi gov.az-a daxil olmaq mümkün olmamışdı. Yalnız fevralın 22-si günün ikinci yarısında problem aradan qaldırılmışdı.

Həmin vaxt Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi problemi texniki yeniləmə ilə izah etmişdi.