Analar müavinətin kəsilməsinə etiraz edirlər

Belqradda etiraz aksiyası

Serbiya paytaxtı Belqradda yüzlərlə ana və hamilə qadın uşaqlı ailələrə dövlət müavinətinin kəsilməsinə etiraz aksiyası keçiriblər.

Qadınlar ərlərinin və uşaqlarının müşayiəti ilə Belqradın mərkəzində hökumət binasına doğru yürüş edib, fit çalıb, uşaq mahnıları oxuyublar.

Etirazı “Analar Qanundur” adlı qeyri rəsmi qrup təşkil edib. Bu qrup sosial mediada yaradılıb.

Üç ay öncə Serbiyada deputatlar uşaqlı ailələrə maliyyə yardımı qanununa ziddiyyətli dəyişikliyi qəbul ediblər. Dəyişikliyə görə, Serbiyada gənc analar ayda 10 avrodan da az müavinət alırlar.

Hökumət isə ölkədə doğumun 2016-cı ildəki səviyyəyə qaldırılmasını qarşıya məqsəd qoyub.