ABŞ və Ukrayna rəsmiləri Rusiyadan danışıblar

John Sullivan

ABŞ Dövlət katibinin müavini John Sullivan Nyu Yorkda Ukraynanın xarici işlər naziri Pavlo Klimkin-lə görüşüb. Dövlət Departamentinin məlumatına görə, onlar “Rusiyanın ziyanlı təsirinə qarşı əməkdaşlıq səyləri”ni müzakirə ediblər.

Görüş BMT Baş Assambleyası çərçivəsində baş tutub.

Tərəflərin Rusiyanın “enerji layihələrindən istifadə etməklə Ukraynanı və Avropadakı digər müttəfiqlərini qorxutması”na da toxunduğu bildirilir.

Daha bir müzakirə mövzusu Kiyevin siyasi və iqtisadi islahatlar üzrə əldə etdiyi proqres olub.

Moskvanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsi Birləşmiş Ştatlar və digərlərinin sanksiyaları ilə sonuclanıb.

Vaşinqton həm də hədələyir ki, Rusiyadan təbii qazı Baltik dənizinin dibiylə birbaşa Almaniyaya daşıyacaq kəmərin tikintisinə görə sanksiyalar qoya bilər.

ABŞ prezidenti Donald Trump sentyabrın 25-də Baş Assambleyada çıxışında deyib ki, Şimal axını-2 layihəsi Almaniyanı “Rusiyadan tamamilə asılı vəziyyətə salacaq”.

Bu gün – sentyabrın 26-da Ukrayna prezidenti Petro Poroshenko BMT Baş Assambleyasında çıxış edəcək.