'Azerspace-2' peyki orbitə buraxılıb

«Ariane-5» raket daşıyıcısı

İlk peyk xərcin üçdə birini çıxarıb

«Azerspace-2» peykinin dəyəri 190 milyon ABŞ dollarıdır.

Bu barədə «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin (ASC) açıqlamasında qeyd edilib. ASC güman edir ki, bu peyk ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcək.

Azərbaycanın birinci peykinin isə 233 milyon ABŞ dollarına başa gəldiyi açıqlanmışdı. «Azərkosmos» ASC-dən verilən məlumata görə, bu peyk indiyə kimi 80 milyon dəyərində gəlir gətirib. Onun ölkəyə daha 220 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

+++

Azərbaycan prezidenti İlham Əliyev «Azerspace-2» peykinin orbitə buraxılması münasibəti ilə xalqı təbrik edib. O, bunu Azərbaycanın növbəti qələbəsi adlandırıb.

«Bizim artıq üç peykimiz var: «Azerspace- 1» telekommunikasiya peyki, «Azersky» müşahidə peyki və «Azerspace-2»», - deyə prezident vurğulayıb.

Azərbaycan prezident iddia edib ki, bununla Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır: «Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürüb».

Prezident deyib ki, peyklərin, eyni zamanda, kommersiya tərəfi var: «Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir, qeyri-neft sənayemizi irəliyə aparır».

+++

Azərbaycanın «Azerspace-2» peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

AZƏRTAC xəbər verir ki, «Azerspace-2» peyki orbitə «Arianespace» şirkətinə məxsus «Ariane-5» daşıyıcı raketi ilə göndərilib.

Bu, «Ariane-5» raket daşıyıcısından ötrü yubiley - 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – «Azerspace-2» və «Horizons 3e» var. İkincisi Yaponiyaya məxsusdur.

«Azerspace-22 peyki 450 şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

Hələ bir müddət öncə, «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev bunları demişdi: ««Azerspace-2» hazırkı əhatə zonasını genişləndirməklə yanaşı, «Azerspace-1»in orbitdəki ehtiyatı olacaq. Bu da müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək».

Azərbaycanın ikinci telekommunikasiya peykini Kanadanın SSL şirkətinin inşa edəcəyi açıqlanmışdı.

Xatırlatma

Azərbaycanın ikinci telekommunikasiya peyki «Azerspace-2»in tikintisi üzrə işlərə hələ 2016-cı ilin əvvəllərində başlanıb. Onun 2017-də hazır olacağı gözlənirdi. Lakin bu proses gecikirdi.

Azərbaycanın ilk peyki olan «Azerspace-1» isə 2013-cü ilin fevralında orbitə buraxılıb. Peyki «Azərkosmos» ASC idarə edir.