E.Məmmədyarov: 'Danışıqları gələn ay davam etməyə razılaşdıq'

Nyu-York görüşü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında sentyabrın 26-da görüş olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutub.

Məlumata görə, görüşdən sonra E.Məmmədyarov kütləvi informasiya vasitələrinin (KİV) sorğularına cavab olar danışıqlara belə şərh verib: «Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu, münaqişənin davam etməkdə olan həllinin inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq».

BMT Baş Assambleyasının sessiyası sentyabrın 18-də başlayıb. Sülh, təhlükəsizlik və beynəlxalq hüquq məsələlərinin müzakirə olunduğu sessiyanın sentyabrın 28-nə kimi davam edəcəyi gözlənir.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.